Yeməkdən tam imtina etmək kimi diyeta rejimi orqanizm üçün təhlükəli nəticələr verə bilər
Bakı, 1 may, AZƏRTAC
Müasir dövrdə xanımları narahat edən əsas məsələ artıq çəkidir. Bir çoxları arıq olmaq və gözəl görünmək istəyir, hətta bu məqsədlə ən riskli diyetalara üz tutanlar da olur. Yeməkdən demək olar ki, tam imtina etmək kimi diyeta rejimi orqanizm üçün olduqca zərərlidir.
AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Şəfa Yadigarova bununla əlaqədar deyib: “Əgər hipertoniya problemi, qanın tərkibində dəmir əskikliyi və ya damar problemi varsa, belə rejimdə yaşamaq vəziyyəti daha da qəlizləşdirir. Məsələn, həmin rejimdə yaşamaq nəticəsində öd və böyrək daşları yaranır, saç tökülməsi, dərinin həddindən artıq sallanması və vaxtından tez qocalması baş verir”.
Sağlamlıq problemi olanların düzgün olmayan diyeta saxlaması daha təhlükəlidir, çünki bununla xəstəliklərini ağırlaşdıra bilərlər. Bu cür aclıq diyetaları bəzi hallarda xərçəngə səbəb ola bilir. “Hər hansı bir bədəndə hansısa problem varsa, istər düzgün, istərsə qeyr-düzgün pəhriz tətbiq etməyindən asılı olmayaraq xoşagəlməz nəticələrlə üzləşmək mümkündür. Bədəndə olan vitamin, zülal, yağ, hətta karbohidrat balansı korreksiya edilmədən diyeta tətbiqindən zərər çəkmək mümkündür. Bəzən özbaşına ac qalmaqla 20-30 kiloqram çəki itirən xanımlarda mioma, fibroma və s. kimi xəstəliklər yarana bilər”,- deyə həkim-diyetoloq bildirib.
Arıqlamaq üçün əsas məsələ düzgün və sağlam qidalanmadır. Müsahibimiz bunun üçün qəbul ediləcək qidaların düzgün seçilməli olduğunu da qeyd edib: “Sağlam həyat qidaların tərkibində orqanızm üçün lazım olan mineral və vitaminlərin bol olduğu daha çox tərəvəzlərdən ibarət olmalıdır. Lakin səhər nə ilə qidalanmaq, axşam nə yemək və qida arasındakı intervalın gözlənilməsi ən vacib məsələdir”.
Arıq və gözəl görünməklə yanaşı sağlam olmaq da əhəmiyyətlidir, çəkini nəzarətdə saxlamaq hər kəsin öz əlindədir. Kortəbii arıqlama üsullarından uzaq durmaq lazımdır, çünki hər şeydən öndə sağlamlıq dayanır.