Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
Bakı, 19 noyabr, AZƏRTAC
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) milli siyasi iradəni təmsil edən, xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, həm də regionun ən mütəşəkkil və güclü siyasi təşkilatıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü ilə əlaqədar Nəsimi rayonunda keçirilən “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbirdə səsləndirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı partiyanın yaranma tarixindən söhbət açıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində yaradılmış Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın lider partiyasına çevrilib. Ümumxalq partiyası kimi Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü hər il qeyd olunur. Bu il partiyamızın əlamətdar tarixi günü - 23 illiyi Nəsimi rayon təşkilatı tərəfindən silsilə tədbirlərlə qeyd ediləcək.
Qeyd edilib ki, dahi öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. Ulu Öndərin bu siyasi xəttini əzmlə irəli aparan isə onun layiqli davamçısı Prezident İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının xalqımızın taleyüklü problemlərinin həllində müstəsna xidmətlərindən danışan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova partiyanın gələcəyə doğru inamla addımladığını deyib. O bildirib ki, YAP-ın fəaliyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb. Bahar Muradova Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafına toplayaraq ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu bu siyasi təşkilatın çətin və şərəfli yol keçdiyini deyib. Ulu Öndərin rəhbərlik etdiyi partiyanın fəaliyyətə başlamasını tarixi hadisə adlandıran A.Əsgərov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın böyük uğurlara imza atdığını qeyd edib.
Vurğulanıb ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. Ötən 23 il ərzində partiya bu yolda uğurlu fəaliyyət göstərib. Bu gün YAP ölkəmizin ən güclü və qüdrətli siyasi təşkilatıdır. Azərbaycanın siyasi tarixində YAP qədər güclü, əzəmətli siyasi təşkilat olmayıb. Bunun da ciddi əsasları var. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya xalqımız tərəfindən daim dəstəklənir. YAP uğurlar və qələbələr partiyası kimi yaranıb. Bu uğurlar və qələbələr davamlı olacaq.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının fəal üzvlərinə fəxri fərmanlar təqdim olunub.