YENİ AZƏRBAYCAN PARTİYASI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRMİŞDİR
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül düzülmüşdür.
Teatrda mərasimə toplaşanlar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimi giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov xalqımızın dahi oğlu Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə əldə olunmuş uğur və nailiyyətlərindən danışmışdır. O demişdir ki, bütün varlığı ilə vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik siyasi və dövlət kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaratmışdır. Müstəqil Azərbaycan dövləti bu zəngin irsdən faydalanır, sürətlə inkişaf edir, mövqelərini qətiyyətlə gücləndirir.
Milli Məclisin komissiya sədri Arif Rəhimzadə, baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, Milli Məclisin deputatı Fəttah Heydərov, Prezident təqaüdçüsü Dilrubə Camalova və başqaları çıxış edərək, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin bənzərsiz həyat yolundan söhbət açmış, onunla bağlı xoş xatirələrini söyləmişlər. Bildirilmişdir ki, bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Fenomen yaddaşı, tükənməz enerjisi, cəsarəti, dəmir iradəsi, humanistliyi, qayğıkeşliyi ilə Heydər Əliyev insanların dərin rəğbətini və sevgisini qazanmış, bu xüsusiyyətləri ilə hamını heyran qoymuşdur. Elə buna görə də bütün dövrlərdə opponentləri həmişə ona həsəd aparmışlar. Heydər Əliyev insanlara istedadına, bacarığına görə qayğı göstərməklə, elm və sənət xadimlərindən tutmuş sadə zəhmət adamlarına qədər hamının əməyini layiqincə qiymətləndirməklə də başqalarından yüksəkdə dayanmışdır. Eyni zamanda o, vəzifəsindən sui-istifadə edənlərlə, nöqsanlarla heç vaxt barışmamış, xalqa, vətənə xəyanət yolu tutanlara qarşı açıq mübarizə aparmışdır.
Çıxış edənlər vurğulamışlar ki, bu gün ulu öndər Heydər Əliyev cismən bizimlə birlikdə olmasa da, onun ideyaları yaşayır. Ulu öndər zaman məsafəsinə görə bizdən uzaqlaşdıqca, onun böyüklüyünü daha da dərindən hiss edirik. Dahi Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ümummilli liderimizin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, dünya birliyində mövqelərini daha da möhkəmləndirir və regionun lider dövlətinə çevrilmişdir.