Yeni ekran əsəri kinosevərlərə təqdim edilib
Bakı, 26 yanvar, AZƏRTAC
“Xəzər Media Center”də “Kişi ol” filminin qala-gecəsi uğurla baş tutub.
AZƏRTAC xəbər verir ki, premyerada tanınmış simalar, televiziya, şou-biznes, KİV nümayəndələri, incəsənət xadimləri, blogerlər və başqaları iştirak ediblər.
Film bir neçə mövzunu bir xarakter ətrafında birləşdirir. Bu xarakter isə yazıları ilə çoxlarının hörmətini qazanmış jurnalist Mübarizdir. Bir biznesmen tərəfindən təhdid olunan Mübariz növbəti məqaləni yazmamalıdır, yazdığı təqdirdə ailəsini itirə bilər. Mübariz bu vəziyyətdən necə çıxacaq?
Təqdimatda çıxış edən qonaqlar filmin beynəlxalq müsabiqələr üçün də bir tapıntı olacağını söyləyiblər.
Ekran əsərinin ssenari müəllifi və rejissoru Valeh Əhmədov, quruluşçu operator Əhməd Barasov, quruluşçu rəssam İlqar Qurbanovdur.
Filmdə Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, tanınmış aktyorlar Tural Baxış, Fəridə Şahbazova, Kamil Nazim, Aysel Nasir, Xatirə Süleymanova, Flora Hüseynli, Vaqif Kərimov, Elvin Ağayev, Elsevər Mehdizadə, Sənan Əlləz, Əli Əlizadə, Cavanşir Məhərrəmov, Namiq Məna, Erkin Ergin, Sabir Samiroğlu, Namis Şirməmmədov və digərləri rol alıblar.
“Kişi ol” filmi yanvarın 26-dan bütün “Park Cinema” kinoteatrlarında nümayiş olunacaq.