Yeni elektron xidmətlərinin istifadəyə verilməsində məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir
Bakı, 17 iyul, Ramiz Quliyev, AZƏRTAC
Hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət, o cümlədən 2 onlayn xidmət vətəndaşların istifadəsindədir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov açıqlama verib.
Onun sözlərinə görə, bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Bu xidmətlərdən ikisi - “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” və “İxtisaslaşdırılmış pul hərraclarında sifarişlərin və sənədlərin elektron qəbulu” ilin əvvəlində istifadəyə verilib. Həmin xidmətlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib.
Sədr müavini, həmçinin vurğulayıb ki, yeni elektron xidmətlərinin istifadəyə verilməsində məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir.
Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.
Təqdim edilən onlayn və elektron xidmətlər vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılmasına, vətəndaşların müxtəlif istiqamətlər üzrə çevik elektron xidmətlər əldə etmələrinə şərait yaradır.