YENİ HEROİN 130 NARKOMANIN HƏYATINA SON QOYMUŞDUR
Heroinin dozasının artırılması halları daha çox Çikaqo və Detroytda qeydə alınmışdır. Lakin ABŞ-ın digər şimal-qərb rayonlarından da həyəcanlı xəbərlər gəlir.
Narkotik vasitə alverçiləri heroinin “keyfiyyəti”ni artırmaq üçün ona ağrıkəsən dərman – Fentanil əlavə etmişlər. Fentanil morfidən 50-100 dəfə güclüdür. Preparatın yüksək dərəcədə aktivliyi üzündən onun dozasının artırılması ehtimalı böyükdür. Fentanil heroinin təsirini xeyli artırır, lakin həkimlər xəbərdarlıq edirlər ki, bu narkotik kokteyl nəfəsin kəsilməsinə səbəb ola bilər.
Hazırda Çikaqo polisi və Narkotiklərlə Mübarizə İdarəsi yeni narkotikin istehsalçılarını tapmağa çalışır. İlkin məlumata görə, zəhərli kokteyl Meksikadakı laboratoriyada hazırlanır.
Çikaqonun hakimiyyət orqanları narkotik asılılıqdan əziyyət çəkənlərə xəbərdarlıq məqsədi ilə vərəqələr yayırlar. Lakin kriminal ünsürlər bu mübarizə tədbirindən reklam kimi istifadə etmişlər. Polisin məlumatına görə, küçələrdə bu vərəqələri göstərib “həmin heroin”in dadına baxmağı təklif edənlər də var.