YENİ MƏHSULDAR SORTLAR TAXIL İSTEHSALINDA 25-30 FAİZ ARTIM YARADACAQDIR
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev AZƏRTAC-a bildirmişdir ki, Elmi-Tədqiqat Əkinçilik İnstitutu tərəfindən son illərdə bir sıra məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı sortlar yaradılmış, respublikanın müxtəlif bölgələrində əkilməsi tövsiyə edilmişdir. Hazırda institutun Tərtər, Qobustan, Cəlilabad, Zaqatala və Şəki dayaq məntəqələrində bu sortların toxumları artırılır. “Əkinçi- 95”, “Qiymətli”, “Əzəmətli”, “Bərəkətli”, “Nurlu” və digər buğda sortları, “Qarabağ-21”, “Qarabağ-7”, “Qarabağ-22”, “Cəlilabad-19” adlı arpa sortları daha məhsuldar olduqları üçün bunların ilkin toxumçuluğu yaradılmışdır. Məhsuldar sortlardan alınan toxumun dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinə, eyni zamanda toxumçuluqla məşğul olan qabaqcıl fermerlərə satışı təşkil olunmuşdur.
Baş direktor qeyd etmişdir ki, akademik Cəlal Əliyevin rəhbərliyi altında aparılan uzunmüddətli tədqiqatlar nəticəsində yeni intensiv məhsuldar sortların yüksək aqrotexniki şəraitdə becərilməsi respublikada taxıl istehsalının 25-30 faiz artımına səbəb olacaqdır. Artıq 1000 tona yaxın elit və super elit toxumlar hazırlanıb dövlət və özəl təsərrüfatlara güzəştli qiymətə satılmaq üçün göndərilmişdir. Bir neçə gündür ki, dağ rayonlarında bu məhsuldar toxumların səpini keçirilir, yaxın günlərdə aran rayonları da bu işə başlayacaqlar.