YENİ MƏRKƏZ AÇILMIŞDIR
Nazir bu gün Bakıda MDB məkanında ilk və yeganə olan belə bir mərkəzin açılışında BMT Əhali Fondunun (UNFPA) yardımına görə xanım Anne-Birgitte Albrektsenə təşəkkürünü bildirmişdir.
Qeyd edilmişdir ki, tədris mərkəzinə nazirlik tərəfindən 12 kompyuter verilmiş, otaqlar lazımi avadanlıqla təchiz olunmuşdur.
Mərkəzin direktoru Məsumə Məmmədova qonaqları mərkəzlə tanış edərək demişdir ki, mərkəzin əsas məqsədi sosial işlər və demoqrafiya sahəsində mövcud olan kadr çatışmazlığı problemini aradan qaldırmaqdır. Burada işlər qabaqcıl metodlar üzərində qurulur. Yeni mərkəzin əsas istiqamətləri elmi-analitik fəaliyyət, kadr potensialının yaradılması və inkişafı, təcrübə sahəsində beynəlxalq əməkdaşlıq, sosial sahələrdə maarifləndirmə və məlumatlandırma olacaqdır. Ölkənin demoqrafik göstəriciləri daim nəzarətdə saxlanılacaq, bu da ən azı yaxın 30 ilə proqnoz verməyə kömək edəcəkdir.
Xanım Albrektsen demişdir ki, Azərbaycan Prezidentinin dəstəyi və qayğısı, bütün sahələrdə olduğu kimi, sosial sahədə də hiss olunur. Bakıda bir sıra görüşlər keçirmiş xanım Albrektsen, ümumilikdə, səfərindən razı qaldığını diqqətə çatdırmışdır. UNFPA-nın əhaliyə yardımın təminatı sahəsində dünyanın ən iri çoxtərəfli qurumu olduğunu söyləyən qonaq bu yardım çərçivəsində Azərbaycanla da əməkdaşlıq etmələrindən qürur hissi keçirdiyini vurğulamışdır.