Yeni rabitə obyektləri istifadəyə verilib
Bakı, 27 may, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (Baktelekom) 28 May Respublika Günü münasibətilə yeni ATS-lər istifadəyə verib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi qəsəbəsinin yeni salınmış yaşayış məhəlləsinin sakinləri üçün ən müasir, bütün telekommunikasiya xidmətlərinin istifadəçilərə çatdırılması imkanlarına malik 1888 abunə tutumu və 256 internet tutumu olan yeni ATS istifadəyə verilib. Bununla yanaşı, Yeni Zığ qəsəbəsində abunə tutumu 1888 və internet tutumu 928 port, Yeni Balaxanı qəsəbəsində abunə tutumu 1888 nömrə, internet tutumu 416 port və Nizami rayonu ərazisində abunə tutumu 1888 nömrə və internet tutumu 384 port olan NGN tipli ATS-lər quraşdırılıb.
“Bakı-2015” birinci Avropa Oyunlarını yüksək keyfiyyətli və müasir telekommunikasiya xidmətləri ilə təmin etmək üçün “Baktelekom” tərəfindən 100 kilometrdən artıq kabel-kanalizasiya qurğuları tikilib, 250 kilometrdən çox kabel çəkilib.