İQTİSADİYYAT
Yeni texnologiya displeydəki təsvirə toxunmağa imkan verir
Bakı, 4 avqust, AZƏRTAC
Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən yaradılmış texnologiya heç bir əlavə qurğu istifadə etmədən çəkilmiş videodakı obyektlərin hərəkətini dəyişdirməyə imkan verir.
AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, yeni texnologiya vibrasiya olunan obyektlərin hərəkətinin ələ keçirilməsinə əsaslanır. Bu texnologiya institutun kompyuter texnologiyaları və süni intellekt sahəsində işləmələr üzrə məsul bölməsi olan “CSAIL”in (“Computer Science and Artificial Intelligence Laboratory”) alimləri tərəfindən hazırlanıb.
İnstitutun ixtirası çəkiliş zamanı obyektdən keçən vibrasiyanın təhlilinə əsaslanır. Çəkiliş üçün istənilən videokameradan istifadə etmək olar. Videofraqmentin təhlilinə bir neçə saniyə vaxt sərf olunur, bundan sonra çəkilmiş material əsasında yaradılmış interaktiv obyektləri bütün fiziki xüsusiyyətlərini saxlamaq şərti ilə dəyişdirmək mümkündür. Belə ki, kadrda hər hansı bir şəxsin əlini 2 metr uzatmaq mümkün olmasa da, amma yuxarı qaldırmaq, əymək və ya həmin şəxsi kadrdan asanlıqla silmək olar.
Yeniliyin yaradıcıları bu texnologiyanın film və videooyunlarda xüsusi effektlərin hazırlanmasında tətbiqini proqnozlaşdırırlar. İnstitutun alimləri, həmçinin yeni texnologiyanın virtual və artırılmış reallıqla birgə istifadə potensialını da qeyd ediblər.