Yeniyetmə güləşçilərimiz İzmirdə xatirə turnirində iştirak edəcəklər
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 28-30-da İzmirdə Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, hər üç növdə keçiriləcək turnirdə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak edəcəklər.
Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında İzmirə 10 güləşçimiz yollanıb. Heyətdə Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Sevinc Əhədova, Alina Zakoyeva (hər ikisi 52 kq), Jalə Əliyeva (56 kq), Elnurə Məmmədova (60 kq) və Nigar Mirzəzadə (65 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.
Aprelin 21-dən Türkiyəyə yollanan milli komandamızın üzvləri Bursada bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edirlər.
Turnirin proqramına əsasən, 38, 46, 56, 65 kiloqram çəkidə idmançılar ilk yarış günündə yarışacaqlar. Aprelin 29-da 40, 49, 60 kiloqram, son yarış günündə isə 43, 52 və 70 kiloqram çəki dərəcəsində yeniyetmə qızlar mübarizə aparacaqlar.