Yeniyetmələrə erkən nikahın mənfi təsirləri barədə məlumat verilib
Bakı, 15 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi respublikanın müxtəlif bölgələrində maarifləndirmə xarakterli görüşləri davam etdirir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, növbəti tədbir Lənkəran rayonunda N.Həsənov adına Şıxəkaran kənd tam orta ümumi təhsil məktəbində keçirilib.
Erkən nikah hallarının qarşısının alınması mövzusuna həsr edilən tədbirdə dövlət qurumlarının nümayəndələri, şagirdlər, müəllimlər və QHT nümayəndələri iştirak ediblər.
Çıxış edənlər erkən nikahın sosial-psixoloji fəsadları, gənc nəsil üçün yaratdığı təhlükə və bu problemin qarşısının alınması üçün görülməli profilaktik tədbirlər barədə məlumat veriblər.
Mövzu ətrafında müzakirələr aparılıb, məktəblilərin sualları cavablandırılıb.