Yerği Kek kəndində qeyri-sabit hava şəraitinin fəsadları aradan qaldırılır - AÇIQLAMA
Qusar, 13 aprel, AZƏRTAC
Yüksək ərazidə yerləşən Qusarın Yerği Kek kəndində qeyri-sabit hava şəraitinin fəsadları aradan qaldırılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son günlər bəzi media orqanlarında Qusarın Yerği Kek kəndində 3 metr hündürlüyündə qar yağması, kəndin tam mühasirədə qalması və sakinlərin köməksiz vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.
“Bəzi xəbər saytlarında yer alan bu məlumatlar reallığı tam əks etdirmir və hadisələr şişirdilmiş formada təqdim olunur. Qusar rayonunda son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq müəyyən ərazilərdə çətinliklər yaransa da, vəziyyət daim nəzarətdə saxlanılır. Hadisələrə operativ reaksiya verilməsi, mümkün fəsadların qarşısının alınması və aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülür Yağışlı və qarlı hava şəraiti ilə əlaqədar olaraq rayonun müxtəlif istiqamətlərində aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası səfərbər olunub, yolların açılması, torpaq sürüşməsi baş verən sahələrin bərpası və digər zəruri işlər həyata keçirilir. Rayon icra hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları, eləcə də aidiyyəti idarə və müəssisələrin rəhbərləri ərazilərdə olub, vəziyyət yerində qiymətləndirilib”,-deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, Yerği Kek kəndində qar yağması ilə əlaqədar müəyyən çətinliklər müşahidə olunsa da, vəziyyət kritik deyil. Hazırda kəndə gedən yolun açılması istiqamətində işlər davam etdirilir. Yolun bəzi hissələrində baş vermiş torpaq sürüşməsi aradan qaldırılıb, texnika qar örtüyü olan əraziyə çataraq təmizləmə işlərini davam etdirir. Hazırda kənddə vəziyyət nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Qusarın Yerği Kek kəndi Azərbaycanda ən yüksəklikdə yerləşən yaşayış məntəqələrindən biridir. Şahdağın ətəyində yerləşən bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdədir.
Müxbir -Elxan Yusifli