“YERLİ ÖZÜNÜİDARƏETMƏ HAKİMİYYƏTİNİN ƏSASLARI: NƏZƏRİ VƏ PRAKTİK MƏSƏLƏLƏR” KİTABI NƏŞR OLUNMUŞDUR
Bakı, 13 iyul (AZƏRTAC). Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadənin bu günlərdə nəfis tərtibatda işıq üzü görmüş “Yerli özünüidarəetmə hakimiyyətinin əsasları: nəzəri və praktik məsələlər” kitabı bələdiyyə üzvləri, bələdiyyə işçiləri və yerli özünüidarəetməyə marağı olanlar üçün nəzərdə tutulmuşdur.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin və professor Əlikram Tağıyevin rəy verdikləri yeni kitab 7 fəsildən, nəticə, monoqrafiyanın rus və ingilis dillərində xülasəsindən, beynəlxalq sənədlər toplusundan və yerli özünüidarəetməyə aid qanunvericilik aktlarından ibarətdir.
Monoqrafiya yerli özünüidarəetmə hakimiyyətinin mahiyyətinə, onun elmi konsepsiyalarına, inkişaf tarixinə, idarəçilik, hakimiyyət sistemində yerinə, normativ əsaslarına həsr edilmişdir.
Monoqrafiyada Azərbaycanda yerli özünüidarəetmə hakimiyyətinin formalaşması zamanı meydana çıxan problemlərin həlli istiqamətində dünyada mövcud olan yerli özünüidarəetmə sistemləri, onların demokratikləşmə prosesinə təsiri araşdırılır. Bu qurum insan hüquq və əsas azadlıqlarının təminat vasitələrindən biri kimi qiymətləndirilməklə, bütovlükdə cəmiyyətin siyasi-hüquqi inkişaf elementi olaraq dəyərləndirilir. Qeyd edilir ki, yerli özünüidarəetmə hakimiyyətinin fəaliyyətinin səmərəliliyi siyasi sistemin tipindən birbaşa asılı olan problemdir.
Kitabın birinci fəsli “Yerli özünüidarəetmənin formalaşdırılmasında əksmərkəzləşdirmə prosesi” adlanır. Burada əksmərkəzləşdirmənin həyata keçirilmə zərurəti, anlayışı və xüsusiyyətləri, əksmərkəzləşdirmə üzrə nəzəriyyələr, onun dərəcələri və demokratik inkişaf prosesləri barədə hərtərəfli məlumatlar, görkəmli elm xadimlərinin əsərlərinə istinad edilərək mövzunun mahiyyəti açıqlanır.
“Yerli özünüidarəetmə sistemi üzrə konsepsiyalar və yerli özünüidarə hakimiyyətinin ümumi təminatları” adlanan ikinci fəsildə də bələdiyyələr haqqında konsepsiyaları, yerli hakimiyyətin ümumi əlamətləri yerli özünüidarəetmə konstitusiyalı quruluşun əsaslarından, mülki cəmiyyətin institutlarından və onun formalaşdırılması mexanizmlərdən biri kimi xarakterizə olunmuşdur.
“Yerli özünüidarəetmənin inkişaf mərhələləri və xüsusiyyətləri adlanan” üçüncü fəsildə isə Azərbaycanda yerli özünüidarəetmənin tarixi inkişaf mərhələlərindən və onun xüsusiyyətlərindən, yerli özünüidarəetmənin sovetlər dövründən və ölkəmizdə bu sistemin təsis edilməsindən bəhs olnur.
Kitabın dördüncü fəslində yerli özünüidarəetmənin müxtəlif sistemləri barədə geniş və hərtərəfli əsaslandırılmış elmi fikirlər əks olunmuşdur. İberiya, Sovetlər, ingilis-sakson sistemlərinin mahiyyəti, məramı ilə maraqlanan oxucular bu fəsildə hərtərəfli məlumat əldə edə bilərlər. Həmin fəsildə, eyni zamanda yerli özünüidarəetmənin daxili strukturu və hakimiyyətin formalaşdırılması qaydaları, səlahiyyətləri və beynəlxalq standartlar haqqında müəllifin elmi baxımdan araşdırmaları ilə tanış olmaq mümkündür.
Müəllif bu kitabda demək olar ki, yerli özünüidarəetmə təsisatının bütün məqamlarını əhatə edərək, bu sahədə çalışanlara həm elmi, həm də nəzəri baxımdan sanballı bir monoqrafiya təqdim etmişdir. Təbii ki, bu kitabla tanış olan hər bir kəs yerli özünüidarəetmə ilə bağlı öyrənmək istədiyi məqamlarla tanış ola biləcəkdir.
Kitabda Azərbaycanda yerli özünüidarəetmə sisteminin inkişaf perspektivləri, dövlət hakimiyyət orqanları ilə yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü ilə bağlı məsələlər müəllif tərəfindən geniş şəkildə izah edilir, başqa ölkələrin yerli hakimiyyət təsisatlarının təcrübəsi, bələdiyyələrin fəaliyyətinin əsas məziyyətləri və digər məqamlar barədə dəyərli elmi fikirlər əks olunur.
Monoqrafiyanın ingilis və rus dillərində xülasəsi isə bu kitabın daha geniş auditoriya üçün nəzərdə tutulduğundan xəbər verir.