Yevlax və Ucarda ağsaqqalların hesabat-seçki konfransları olub
Yevlax, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Ağsaqqallar Şurasının Yevlax və Ucar rayon təşkilatlarında hesabat-seçki konfransları keçirilib.
AZƏRTAC xəbər verir ki, Yevlax Rayon Ağsaqqallar Şurasının konfransında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Ulu Öndərin, şəhidlərin və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda ağsaqqalların rayonun ictimai həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslin tərbiyəsində rolu qeyd olunub.
Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, ağsaqqallar ictimai və maarifləndirici tədbirlərdə fəal iştirak edib, milli-mənəvi dəyərlərin və adət-ənənələrin qorunması, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində fəaliyyət göstəriblər.
Ağalar Vəliyev Şuranın sədri Eldar Quliyevin və öz adından konfrans iştirakçılarını salamlayıb, ölkədə həyata keçirilən quruculuq işlərindən və Şuranın bölgələrdə fəaliyyətinin genişlənməsindən danışıb. O, Yevlax Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndirib.
Açıq səsvermə nəticəsində Minnət Mürsəlov yenidən Yevlax Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Minnət Mürsəlovun 75 illik yubileyi münasibətilə onun uzunmüddətli ictimai fəaliyyəti yüksək qiymətləndirilib və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub. Döş nişanı Ağalar Vəliyev tərəfindən təqdim edilib.
Ucar Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransında da təşkilatın hesabat dövründə fəaliyyəti müzakirə olunub.
Konfransda Ağalar Vəliyev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda ağsaqqalların milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin tərbiyəsi və ictimai həyatda fəallığının əhəmiyyəti vurğulanıb.
Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, rayon ağsaqqalları ictimai və maarifləndirici tədbirlərdə fəal iştirak edib, milli-mənəvi dəyərlərin və adət-ənənələrin yaşadılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində təşəbbüslər göstəriblər.
Ağalar Vəliyev ağsaqqalların gənc nəslin tərbiyəsində rolundan danışıb, ailə münasibətləri və gənclər arasında mənfi vərdişlərlə bağlı məsələlərdə onların məsuliyyətinin artmasının vacibliyini vurğulayıb.
Açıq səsvermə nəticəsində Mirzalı Ağamalıyev yenidən Ucar Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.