Yevlaxda qanunsuz fəaliyyət göstərən pivə istehsalı sexi aşkarlanıb
Bakı, 18 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Yevlax rayonu, Bərdə-Yevlax şosesinin 7-ci kilometrliyində fəaliyyət göstərən, hüquqi şəxs “EMİL-N” istehsalat-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsinə baxış keçirilib.
Yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının tələblərinin pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və məhsulların saxlanma rejiminə riayət edilmədiyi, müəssisədə çalışan işçilərin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, istifadə edilən xammalların müvafiq sənədlərinin olmadığı, habelə istehsal olunan “Aran” əmtəə nişanlı pasterilizasiya edilmiş “Jiquli” pivəsinin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı aşkarlanıb.
Aşkar edilən faktlarla əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb, “Aran” əmtəə nişanlı pasterilizasiya edilmiş “Jiquli” pivəsi etiketlərinin istifadəsi qadağan olunub, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.