Yevlaxda “Şəhadət” filmi nümayiş olunub
Yevlax, 4 may, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə nümayiş olunub. Bu münasibətlə keçirilən tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktor müavini Aftandil Mikayılov çıxış edərək, radikalizm və ekstremizmlə mübarizədə maarifləndirmənin əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev “Şəhadət” sənədli filmi barədə ətraflı məlumat verib. Bildirib ki, sənədli film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Ekran işində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi təbliğ olunur, digər tərəfdən isə radikalizmin törətdiyi fəsadlar tamaşaçılara çatdırılır.
Sonra “Şəhadət” sənədli filminə baxış olub.