Yevlaxdakı Şəhidlər xiyabanı əsaslı təmir edilir VİDEO




Yevlax, 1 sentyabr, AZƏRTAC
Yevlax şəhərindəki Şəhidlər xiyabanında əsaslı təmir-bərpa işləri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhidlər xiyabanında səliqə-sahman yaradılır, məzarların ətrafına yeni mərmər plitələr döşənir, bordürlər yenilənir, hasarlarda suvaq işləri görülür. Xiyabanın işıqlandırılması üçün yeni işıq dirəkləri quraşdırılıb, keçidlərə 2400 kvadratmetr tamet döşənib, 1500 poqonometr səki daşı qoyulub. Xiyaban boyunca xeyli sayda yeni ağac və gül kolları əkilib, əvvəl əkilmiş ağaclara gündəlik qulluq göstərilir.
Yevlax şəhər Şəhidlər xiyabanında dəfn olunmuş Birinci və İkinci Qarabağ müharibəsinin 162 şəhidinin məzarlarının təmiri şəhidlərin ailə üzvləri və yaxın qohumları ilə məsləhətləşmələrdən sonra, onların istək və arzuları nəzərə alınaraq aparılır. Xiyabanda dəfn edilən bütün şəhidlərə heç bir fərq qoyulmadan görülən işlər ailələrin razılığı ilə qarşılanır, onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edir, dövlətimizin bütövlüyü və əmin-amanlığı naminə yumruq kimi birləşdiklərini bildirirlər.