Yevlaxın yaşayış massivində elektrik təsərrüfatı yenidən qurulur
Yevlax, 18 avqust, AZƏRTAC
Yevlax rayonunun Yuxarı Qarxun kəndində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yuxarı Qarxun kəndinin 350 nəfər sakinin yaşadığı yeni yaşayış massivində “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən müasir tələblərə cavab verən 0,4 kv-luq elektrik şəbəkəsinin qurulmasına başlanılıb. Artıq SİP kabel üçün 45 ədəd dayaq basdırılıb və işlər davam etdirilir. Ümumilikdə isə kənddə 117 ədəd 0,4 kv-luq, 6 ədəd isə 10 kv-luq dayaqların basdırılması nəzərdə tutulub.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Yuxarı Qarxun kəndində işlərin gedişi ilə yerində tanış olaraq sakinlərlə görüşüb.
Kənd sakinləri köhnə və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin zaman-zaman elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildiriblər. Elektrik şəbəkəsinin yenidən qurulması nəticəsində artıq bu problemlər aradan qalxacaqdır.