Yoluxma hallarının artımına yol verilməməsi üçün xüsusi karantin rejiminin davam etdirilməsi zəruridir
Bakı, 27 avqust, Səadət Hakıyeva, AZƏRTAC
Ölkəmizdə koronavirusla mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir. Vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində hazırda vəziyyət nəzarət altında saxlanılır. Digər ölkələrlə müqayisədə yoluxmaların və itkilərin sayının az olması da bunu təsdiq edir. Azərbaycan Prezidentinin yürütdüyü siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir.
İndiyədək əldə olunan nəticələri qoruyub saxlamaq üçün hələ ki, karantin rejimində yaşamağa davam etmək məcburiyyətindəyik. Mövcud sanitar-epidemioloji vəziyyətin təhlili də xüsusi karantin rejiminin uzadılmasına ehtiyacın olduğunu göstərir. Qarşıdan müxtəlif xəstəliklərin fəallaşdığı payız mövsümü gəldiyinə görə bu məsələ xüsusi aktuallıq kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında 11 saylı şəhər poliklinikasının həkimi Məlahət İsayeva deyib.
Tənəffüs yolları xəstəliklərinin törədicisi olan virusların soyuğa davamlı olduqlarından payız fəslində daha da fəallaşdığını bildirən Məlahət İsayeva deyib: “Payız fəsli virusların yayılması və inkişafı üçün çox əlverişli dövrdür. Soyuq hava bütün xroniki xəstəlikləri kəskinləşdirir, infeksion xəstəliklərin artıb çoxalmasına səbəb olur. Buna səbəb havanın temperaturu, atmosfer təzyiqi, küləyin təsiridir ki, bunun nəticəsində burun-udlaq və boğaz boşluğunda qripəbənzər respirator xəstəliklər yaranır. Əlbəttə, biz özümüzü təkcə soyuq havadan deyil, xəstə insanlardan da qorumalıyıq. Yanımızda asqıran, öskürən insanlardan qorunmalı, sosial məsafə saxlamalı, insanların çoxluq təşkil etdiyi yerlərdə maska taxmalıyıq. Soyuq hava yuxarı tənəffüs yolları xəstəlikləri ilə yanaşı, mədə-bağırsaq, xroniki qastrit xəstəliklərini artırır, yoğun bağırsağın soyuqlaması kəskinləşir”.
Onun sözlərinə görə, sıxlıq səbəbindən iri şəhərlərdə virusun insandan-insana keçməsi sürətlə baş verir. Yaxın məsafədə eyni hava ilə nəfəs almaq, eyni əşyalara toxunmaq yoluxmanı sürətləndirir. Virusa yoluxmamaq üçün Operativ Qərargahın tələblərinə əməl etmək, sosial məsafəni gözləmək, maskadan istifadə etmək, təmaslardan mümkün qədər qaçmaq lazımdır. Xəstəliklə mübarizə məqsədilə profilaktik tədbirlər görmək lazımdır. Sağlam həyat tərzi keçirmək, immuniteti gücləndirmək, idmanla məşğul olmaq, normal yuxu, sinir sistemini sakitləşdirmək, vitaminlər qəbul etmək mühümdür.
“Bir müddət koronaviruslu xəstələrlə işləyən həkim kimi deyə bilərəm ki, bu, çox amansız xəstəlikdir. Bu qəddar xəstəliyə yoluxmamaq üçün son dərəcə diqqətli olmalı və qaydalara ciddi riayət etməliyik. Düşünürəm ki, yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejiminin davam etdirilməsi zəruridir. Hamımız COVID-19-un müalicəsi üçün vaksin tapılmayanadək mümkün qədər məsuliyyətli davranmalı, özümüzü və ətrafımızı maksimum şəkildə qorumağa davam etməliyik”, - deyə Məlahət İsayeva bildirib.