YT Parkın rezidenti olan “Proline Chemicals” şirkəti investisiya layihəsi həyata keçirir
Bakı, 18 avqust, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Proline Chemicals” MMC müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə bağlı investisiya layihəsi həyata keçirir.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, “Proline Chemicals”ın qeyd olunan layihəsinin mövcud istehsal bazası əsasında AMEA YT Park ərazisində həyata keçirilməsi nəzərdə tutulur.
İnvestisiya layihəsinin məqsədi istehsalı nəzərdə tutulan məhsullar üzrə seçilən müştəri seqmentinin bütün tələbatlarını daxili istehsal hesabına təmin etməklə yanaşı, analoji məhsullar üzrə idxaldan asılılığın azaldılması və yeni iş yerlərinin açılması hesabına əmək resurslarının cəlb edilməsidir.
Qeyd edək ki, yüksəkkeyfiyyətli və effektiv professional yuyucu və təmizləyici vasitələrin istehsalı ilə məşğul olan şirkətin əsas fəaliyyət istiqamətləri avtoyuma və avtokosmetika, məişət, sənaye və avtomobil kimyası, avtomobillər üçün texniki mayelər təşkil edir.
Məhsulların hazırlanması zamanı dünyanın aparıcı istehsalçıları tərəfindən istehsal olunan keyfiyyətli xammallardan istifadə edilir. Şirkət toplanmış biliklərə və müasir elmi nailiyyətlərə əsaslanaraq daim mövcud reseptlərin effektivliyinin artırılması və innovativ məhsulların istehsalı üzərində çalışır.