Yük avtomobillərinin toqquşması nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
Bakı, 19 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “FORD” və “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “FORD” markalı avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1990-cı il təvəllüdlü Arzu Qərib oğlu Cəfərovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.