Yüksək Texnologiyalar Parkının tikintisinə ayrılmış ərazidə hazırliq işi aparılır
Bakı, 21 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (“YT Park” MMC) tikintisinə ayrılmış ərazidə abadlıq və hazırlıq işi aparılır. "YT Park" MMC-nin təməlqoyma mərasimi sentyabr ayının ortalarında keçiriləcək. Parkın infrastrukturunun qurulması üçün layihələndirmə işləri memarlıq şirkəti ilə birlikdə təsdiq edilib. Ərazinin baş planı və ilkin təsərrüfat binasının layihəsi hazırlanıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, bu ilin 6 ayında “YT Park”da yaradılmış "PİCampus" Biznes İnkubasiya Mərkəzində 31 layihə icra edilir. Ötən aydan MMC-nin yeni layihəsi olan "Code Academy" proqramı fəaliyyətə başlayıb.
Bu dövrdə "YT Park" Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər uzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunub və təşkilatın müşahidəçi üzvü seçilib. MMC-nin Müşahidə Şurası haqqında Əsasnamə təsdiq olunub, habelə innovativ sahibkarlığın təbliği və dəstəklənməsi məqsədilə yerli və xarici tərəfdaşlarla birlikdə müxtəlif xarakterli seminar, konfrans və digər tədbirlər keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli Fərmanı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alınıb. Texnopark innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.