Yunanıstanda keçirilən Beynəlxalq Dil Festivalında Azərbaycan dili təqdim olunub
Saloniki, 21 may, AZƏRTAC
Yunanıstanın Saloniki şəhərində 6-cı Multlilinqualizm Beynəlxalq Dil festivalı keçirilib. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan dilinin təqdimatı ilə festivalın proqramına qoşulub. Festivala qatılan iştirakçılar Azərbaycan dilinin əlifbası və bu dildə sözlərlə tanış olub, doğma dilimizdə yazmaq, oxumaq və tələffüz etmək imkanı əldə etdilər. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təqdimat keçirilib, Vətənimizin tarixi abidələri və mənzərəli guşələri barədə məlumat verilib.
Bundan əlavə, festival çərçivəsində geniş auditoriya qarşısında Azərbaycan dilində uşaq şeirləri və Xalq Şairi Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilib.
Saloniki şəhərinin meri Yannis Butaris, onun təhsil və idman üzrə müavini Aleksandros Barbunakis və alim Aryiru Mumdidu Beynəlxalq Dil Festivalında Azərbaycan stendinə baxıblar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki