Azərbaycanlı arxeoloq EAA 2026-da Çovdar nekropoluna dair tədqiqatını təqdim edib
Bakı, 3 sentyabr, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Lola Hüseynova Avropa Arxeoloqlar Assosiasiyasının 32-ci İllik Görüşündə (EAA 2026) elmi məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Yunanıstanın paytaxtı Afinada keçirilən beynəlxalq konfransda Lola Hüseynovanın “Çovdar nekropolundan keramika materiallarının kimyəvi və çoxdəyişkənli analizi” mövzusunda tədqiqatı “Keçmişdən keçən yollar: Cənubi Qafqaz arxeologiyasının neolit dövründən erkən dəmir dövrünə qədər yenidən qiymətləndirilməsi” adlı 131-ci sessiya çərçivəsində təqdim olunub. Tədqiqatda Daşkəsən rayonunda yerləşən Çovdar nekropolunun Son Tunc – Erkən Dəmir dövrünə aid keramika materiallarının kimyəvi analizlərinin nəticələri təqdim edilib.
Lola Hüseynova konfrans çərçivəsində elmi fəaliyyətlə yanaşı, EAA 2026-nın təşkilati komandasında könüllü kimi də fəaliyyət göstərib. O, konfransın müxtəlif elmi sessiyalarının və tədbirlərinin təşkilati işlərinə dəstək göstərib.
Qeyd edək ki, EAA-nın illik görüşü Avropanın və dünyanın müxtəlif ölkələrindən 3000-dən artıq arxeoloqları, tədqiqatçıları və elmi qurumların nümayəndələrini bir araya gətirən beynəlxalq elmi platformalardan biridir.