Venesuela ABŞ və İtaliya şirkətləri ilə neft hasilatını artırmaq üçün yeni müqavilələr imzalayıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Venesuela hökuməti ABŞ-nin “Chevron” və İtaliyanın “Eni” kimi böyük şirkətləri ilə ölkədə neft hasilatını artırmaq üçün mövcud tərəfdaşlıqları genişləndirən yeni müqavilələr imzalayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigez ABŞ-nin energetika naziri Kris Rayt ilə birgə Karakasdakı keçirilən imzalanma mərasimində iştirak edib. Venesuelanın “PDVSA” dövlət neft şirkəti istehsalı artırmaq və sektora investisiya cəlb etmək məqsədilə “Chevron” və “Eni” şirkətləri ilə yeni müqavilələr imzalayıb.
“Chevron” Venesuelada fəaliyyətini genişləndirmək qərarına gəlib. Şirkət növbəti 5 il ərzində ölkəyə investisiyalarını 7 milyard dollara çatdırmağı və istehsal gücünü ikiqatdan çox artırmağı hədəfləyir. “PDVSA” dünyanın ən zəngin xam neft yataqlarından bəzilərini özündə birləşdirən Orinoko neft sahəsindəki “Junin 5” blokunun istismarı üçün “Eni” ilə hasilatın pay bölgüsü müqaviləsi imzalayıb. Bundan başqa, ABŞ-də yerləşən “GE Vernova” şirkəti “PDVSA” ilə neft obyektlərinin elektrik infrastrukturunun yenilənməsi üçün strateji tərəfdaşlıq qurub. “PDVSA”, həmçinin “Budare-Elotes” yatağı üçün “Primavera” şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Delsi Rodrigez deyib ki, ABŞ hər iki tərəfə fayda verəcək bu məqsədə çatmaq üçün böyük səy göstərib.
Kris Rayt isə bunu Venesuela üçün “tarixi gün” adlandırıb.
“Bu gün Venesuelanın transformasiyası və xalqının imkanlarının genişlənməsi üçün tarixi bir andır. Prezident Donald Trampın bu ölkə üçün aydın bir missiyası var: sülh, azadlıq, yeni imkanlar və rifah təmin etmək”, - deyə o qeyd edib.