Ötən il Azərbaycana gələn pakistanlı turistlərin sayı məlum olub
Bakı, 3 sentyabr, AZƏRTAC
Son bir neçə il ərzində ölkələrimiz arasında nəqliyyat, xüsusilə də kommersiya aviasiyası və logistika əlaqələrində misli görünməmiş artım müşahidə olunub. Pakistanın iki aviaşirkəti - PIA və “Air Blue”, həmçinin AZAL İslamabad və Lahor ilə Bakı arasında birbaşa uçuşlar həyata keçirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mouhiddin deyib.
Onun sözlərinə görə, praktiki olaraq, ölkələrimiz arasında demək olar hər gün üçün birbaşa aviareys mövcuddur. Bu, iki ölkə arasında getdikcə daha rahat hava əlaqəsi yaradır. Bunun nəticəsində turizm də əhəmiyyətli dərəcədə artıb. Ötən il Azərbaycana gələn pakistanlı turistlərin sayı 90 mini ötüb.
“Quru nəqliyyatına gəldikdə, daha əvvəl qeyd etdiyim kimi, ölkələrimiz arasında Tranzit Ticarət Sazişi (TTA) mövcuddur. Bu saziş malların tranziti və daşınması üçün sürətli və xərclər baxımından səmərəli quru dəhlizindən istifadə etməyə imkan verir.
Pakistanla Azərbaycan arasında quru marşrutları ya İran, ya da Əfqanıstan ərazisindən, daha sonra Türkmənistan və Xəzər dənizi vasitəsilə Azərbaycana qədər uzanır. Ümid edirik ki, İrandakı vəziyyət sabitləşdikcə bu marşrut üzrə yük axınının artmasının şahidi olacağıq”, - deyə diplomat əlavə edib.
Müxbir – Ceyhun Xəlilov