Fransa Metyu və Hanter adaları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verilib
Paris, 3 sentyabr, AZƏRTAC
Vanuatu Metyu və Hanter adaları ilə bağlı Fransaya qarşı Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciət edib. Paris isə bu ərazilər üzərində suverenliyindən imtina etməyəcəyini və məhkəmənin müraciətinə “vaxtı çatanda” cavab verəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Fransa Vanuatu ilə mübahisəli olan Metyu və Hanter adaları üzərində suverenliyindən imtina etməyəcəyini açıqlayıb. Bunu Sakit Okean adaları forumunun 55-ci toplantısında Fransanın Frankofoniya və Beynəlxalq Tərəfdaşlıqlar üzrə nazir nümayəndəsi Elenor Karoi bildirib.
Vanuatu BƏM-ə təqdim etdiyi müraciətdə Umaenupne (Metyu) və Umaeneg/Leka (Hanter) adaları üzərində suverenliyinin tanınmasını, həmçinin Vanuatu və Fransanın müstəsna iqtisadi zonaları və kontinental şelfləri arasında vahid dəniz sərhədinin müəyyənləşdirilməsini tələb edir.
Müraciət BƏM-in Nizamnaməsinin 38-ci maddəsinin 5-ci bəndinə əsaslanır. Bu mexanizm bir dövlətə qarşı tərəfin məhkəmənin yurisdiksiyasına əvvəlcədən razılıq vermədiyi halda belə BƏM-ə müraciət etməyə imkan verir.
Lakin məhkəmə bildirir ki, Fransa bu iş üzrə öz yurisdiksiyasını qəbul etməyənədək heç bir prosessual tədbir görülməyəcək və iş məhkəmənin ümumi siyahısına daxil edilməyəcək.
Beləliklə, Vanuatunun müraciəti diplomatik və hüquqi mübahisəni yenidən gündəmə gətirsə də, işin BƏM-də faktiki araşdırılması hazırda Fransanın yurisdiksiyanı qəbul edib-etməməsindən asılıdır.