Məhkumlar üçün narkomaniya əleyhinə maarifləndirmə görüşü təşkil edilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 17 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Tədbirdə İşçi Qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Respublika Narkoloji Mərkəzin nümayəndələri iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında diskussiyalar aparılıb və zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.