Fatih Yel: Humanitar minatəmizləmədə qabaqcıl texnologiyanın əsas məqsədi insanı təhlükədən uzaqlaşdırmaqdır
Bakı, 3 sentyabr, AZƏRTAC
Humanitar minatəmizləmə yalnız texniki proses deyil, təhlükəsiz yaşayış məntəqələrinin yaradılması və insanların öz doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin olunması üçün əsas şərtlərdən biridir. Bu sahədə tətbiq olunan texnologiyaların əsas məqsədi insanı təhlükədən uzaqlaşdırmaq, qeyri-müəyyənliyi azaltmaq və daha düzgün qərarların qəbuluna imkan yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiya” mövzusunda panel sessiyada çıxışı zamanı Türkiyə Müdafiə Nazirliyinin Minalarla Mübarizə Mərkəzinin şöbə müdiri Fatih Yel deyib.
O bildirib ki, humanitar mina fəaliyyəti yenidənqurma işlərindən əvvəl həyata keçirilməli olan adi texniki proses kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, minatəmizləmə təhlükəsiz məskunlaşmanın ilk mərhələsidir. Yol, məktəb, xəstəxana, enerji obyekti, su xətti və ya yaşayış layihəsinin təhlükəsizliyi ərazinin etibarlı şəkildə tədqiq edilməsindən, təmizlənməsindən, keyfiyyət təminatı və nəzarətindən keçirilməsindən, eləcə də istifadəyə açılmasından asılıdır.
Fatih Yel vurğulayıb ki, humanitar minatəmizləmədə qabaqcıl texnologiya yalnız texniki xüsusiyyətləri yüksək olan sistem demək deyil. Əsas meyar personalı partlayış təhlükəsindən uzaqlaşdırmaq, qeyri-müəyyənliyi azaltmaq, düzgün qərar qəbulunu dəstəkləmək və tapşırıqların daha təhlükəsiz yerinə yetirilməsinə imkan yaratmaqdır.
Bildirilib ki, mina fəaliyyətinin səmərəliliyi istifadə olunan sensorların, robotların və ya alqoritmlərin sayı ilə deyil, insanların təhlükədən nə dərəcədə uzaqlaşdırılması, ərazilərin nə qədər etibarlı şəkildə istifadəyə açılması, vaxta və resurslara qənaət edilməsi ilə ölçülməlidir.
O, hərbi minaəleyhinə tədbirlərlə humanitar minatəmizləmə arasındakı fərqə də diqqət çəkib. Bildirib ki, hərbi əməliyyatlarda əsas məqsəd bölmələrin hərəkətini təmin etmək üçün müəyyən marşrutun sürətlə açılmasıdır. Humanitar minatəmizləmədə isə əsas hədəf ərazinin sənədləşdirilmiş, keyfiyyət təminatı prosedurlarından keçirilmiş və daimi istifadəyəyararlı vəziyyətə gətirilməsidir.
Onun sözlərinə görə, texnologiyaların humanitar sahədə tətbiqi onların mövcud imkanlarının birbaşa istifadəsi ilə məhdudlaşmamalıdır. Bu texnologiyalar humanitar prinsiplərə, beynəlxalq mina fəaliyyəti standartlarına, milli qanunvericiliyə, yerli ətraf mühit şəraitinə və zərər çəkmiş əhalinin ehtiyaclarına uyğunlaşdırılmalıdır.
Fatih Yel qabaqcıl texnologiyaların humanitar minatəmizləməyə töhfəsini üç əsas istiqamətdə qruplaşdırıb. Onun sözlərinə görə, birinci istiqamət təhlükəli və ya şübhəli əraziyə daxil olmadan əvvəl həmin ərazi haqqında daha ətraflı məlumat əldə etməkdir. Bu məqsədlə peyk görüntüləri, pilotsuz uçuş aparatları, yüksək ayırdetməli kameralar və digər qabaqcıl görüntüləmə sistemlərindən istifadə oluna bilər. İkinci istiqamət insanı fiziki olaraq təhlükədən uzaqlaşdırmaqdır. Uzaqdan idarəolunan yerüstü vasitələr, robototexnika, mexaniki təmizləmə sistemləri, məsafədən diaqnostika və zərərsizləşdirmə texnologiyaları personalın təhlükəyə birbaşa məruz qalmasını əhəmiyyətli dərəcədə azalda bilər. Məqsəd insanı minatəmizləmə prosesindən kənarlaşdırmaq deyil, təhlükəli və fiziki risk daşıyan işlərdə onun təhlükəyə məruz qalmasını minimuma endirməkdir. Üçüncü istiqamət isə toplanan məlumatların daha düzgün qərarlara çevrilməsidir. Süni intellektəsaslı təhlil, təhlükəsiz rabitə sistemləri, coğrafi məlumat bazaları və rəqəmsal tapşırıq idarəetməsi ərazilərin prioritetləşdirilməsi, uyğun metodların seçilməsi və resursların düzgün bölüşdürülməsi ilə bağlı qərarların qəbuluna dəstək verə bilər. O qeyd edib ki, bu üç istiqamət bir-birini tamamlayır: Əvvəlcə təhlükəli ərazi barədə mümkün qədər çox məlumat əldə edilir, daha sonra insanın təhlükəyə fiziki məruz qalması azaldılır və əldə olunan məlumatlar daha səmərəli qərarların qəbulunda istifadə olunur.