CƏMİYYƏT
YÜZÜ HAQLAMAQ İSTƏYİRSİNİZSƏ
Yüz yaşınadək yaşamaq istəyirsinizmi? Bu, çətin iş deyildir. Bunun üçün ancaq yeməyi məhdudlaşdırmalısınız. Özü də naharı dostunla bölüşüb, şam yeməyini düşmənə vermək lazım deyildir. Müəyyən miqdarda hər şey yemək olar, ən əsası budur ki, az kalorili olsun.
İtaliyanın məşhur “Repubblika” qəzeti bu cür uzunömürlülük resepti dərc etmişdir. Qəzet yazır ki, həkimlərin dediyinə görə, əgər gündəlik yeməyinizdə müəyyən miqdarda kalori varsa, səhhətinizi xeyli yaxşılaşdıra və ömrünüzü xeyli uzada bilərsiniz. Kişilər üçün gündə 2200 kalori ən məqbul sayılır. Oturaq həyat keçirən sağlam kişi, bu halda, bir aya təxminən 5 kiloqram arıqlaya bilər. Əgər indiki çəkiniz sizi tam razı salırsa, kalorinin miqdarını bir qədər artırmaq olar.
Qadınlara gəldikdə isə, vəziyyət başqa cürdür. Onların qəbul etdiyi qida maddələrinin həcmi xeyli az olmalıdır. Həkimlərin fikrincə, gündə 1600 kalori qəbul etmək kifayyətdir. Qadınlar səhərlər bir dilim çörək və marmelad yeyib, bir fincan çay içsələr bəs edər. Nahar zamanı xanımlar salat və bir qab yavan spagetti, axşam isə bifşteks yesələr yaxşı olar. Mütəxəssislər hesab edirlər ki, normal çəkili qadın üçün bu qədər kalori tam kifayətdir. Bu, çox fəal həyat tərzi keçirən, idmanla məşğul xanımlara aid deyildir.
İTAR-TASS xəbər verir ki, həkimlər arıqlamağın bu üsulunu hələ ötən əsrin 30-cu illərindən işləyib hazırlamağa başlamışlar. O zaman siçanlar üzərində təcrübə aparılırdı və az yeyən gəmiricilər xeyli çox yaşayırmışlar. Sonralar itlər və meymunlar üzərində də təcrübə aparılmışdır. Az kalorili “pəhriz saxlayan” şimpanzelər 38 il yaşamışlar. İnsanlara şamil etdikdə, bu, 114 il deməkdir. Uğurlu nəticələrə baxmayaraq, həkimlər uzunömürlülüyün bu üsulunu geniş yaymaqdan çəkinirlər. Qəzet yazır ki, Amerika alimləri yaxın vaxtlarda bu sistemi insanlarda sınaqdan çıxarmağı planlaşdırırlar. Yüz nəfər könüllü bu sistemin təsirini sınaqdan keçirəcəkdir. Yalnız bundan sonra həmin üsulun təkcə xeyrindən deyil, həm də təhlükəsizliyindən danışmaq olar.