Zaqatalada ali məktəblərə sənəd verənlərin 86 faizi tələbə adını qazanıb
Zaqatala, 8 sentyabr, AZƏRTAC
Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Təhsil zirvəsinə doğru - Azərbaycan gəncləri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ali məktəblərə builki qəbul imtahanlarının nəticələrinin rayonun məzunları üçün çox uğurlu olduğunu bildirib. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 623 nəfər zaqatalalı məzundan 535-i tələbə adını qazanıb. İmtahanlarda iştirak edənlərin 86 faizi ali məktəblərə qəbul olunub.
Diqqətə çatdırılıb ki, son illərdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəblərin tikintisi, təmiri, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər təhsilin yenilənməsinə, müasir təhsil mühitinin yaradılmasına əlverişli şərait yaradıb.
Tədbirdə çıxış edən Milli Məclisi deputatları Asif Əsgərov və Azər Kərimli məzunları tələbə adı qazanmaları münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıb.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara hədiyyələr təqdim olunub.
Müxbir - Rasim İslamoğlu