ZAQATALADA MAHNI VƏ DOSTLUQ FESTİVALI
Zaqatala Rayon Uşaq Yaradıcılıq Mərkəzinin təşəbbüsü, Təhsil Nazirliyi, rayon icra hakimiyyəti və BMT-nin Əhali Fondunun təşkilati və maliyyə dəstəyi ilə “Cənubi Qafqazda Gənclərin Reproduktiv Sağlamlığı” layihəsi çərçivəsində Zaqatalada gənclərin mahnı və dostluq festivalı keçirilmişdir. Festivalda respublikamızın 25 rayonundan gəlmiş 180 nəfərə yaxın yeniyetmə və gənc iştirak etmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, festival iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Zaqatala şəhərinin mərkəzi parkında ucaldılan abidəsini ziyarət etmiş, ulu öndərin heykəli önünə əklil qoymuş, gül-çiçək dəstələri düzmüşlər.
Proqrama uyğun olaraq, əvvəlcə rayonun Muxax kəndində “Reproduktiv sağlamlıq” mövzusunda elmi-praktiki konfrans keçirilmiş, rəsm-plakat sərgisi təşkil edilmişdir. Sərgidə 25 rayonu təmsil edən 250 nəfərə yaxın gəncin bu mövzuda çəkdiyi rəsm əsərləri nümayiş etdirilmişdir.
Festival müddətındə Zaqatala Rayon Texniki Yaradıcılıq Mərkəzi yetirmələrinin hazırladıqları modellər nümayiş etdirilmiş, idman məktəbi nümayəndələrinin iştirakı ilə futbol turniri keçirilmişdir.
Festival rayon musiqi kollektivlərinin iştirak etdiyi geniş konsert proqramı ilə başa çatmışdır. Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Təhsil Nazirliyinin nümayəndəsi Ağababa İbrahimov və BMT-nin Əhali Fondunun əməkdaşı Teymur Seyidov iştirak etmişlər.