Zaxarova: Fransanın məqsədi Cənubi Qafqazı qarşıdurma meydanına çevirməkdir
Moskva, 22 noyabr, AZƏRTAC
Qərbin və Fransanın məqsədi, xüsusilə Cənubi Qafqazı daha bir qarşıdurma meydanına çevirməkdir. Onlar region ölkələrinin maraqlarına məhəl qoymurlar, bölgədə təhlükəsizliyin, sabitliyin və çiçəklənmənin təmin olunması üçün heç nə etmirlər.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransanın separatçıları təşviq etməsi və Cənubi Qafqazda yeni müharibələrin başlaması üçün zəmin hazırlaması ilə bağlı fikirlərini şərh edərkən bildirib.
“Hesab edirəm ki, Bakı və həmçinin bəzi ölkələr artıq dünyanın digər yerlərində özünün kökdən düşmüş siyasi nüfuzunu Cənubi Qafqazda bərpa etməyə çalışan Parisin zəhlətökənliyindən yorulub”, - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, Cənubi Qafqazda kəskinləşmə riski davam edir. Bu baxımdan Rusiya regiondakı bütün ölkələrin və onların qonşularının maraqlarının tarazlaşdırılması əsasında regionun sabitlik və rifah zonasına çevrilməsi üzərində ardıcıl iş aparır. “Bu məntiqlə, biz "3+3" regional məşvərət platforması çərçivəsində qarşılıqlı əlaqələr qururuq, Bakı ilə İrəvan arasında münasibətlərin üçtərəfli yüksək səviyyəli razılaşmalar əsasında kompleks şəkildə normallaşdırılması üzərində işləyirik", - deyə M.Zaxarova əlavə edib.
Qeyd edək ki, iki gün əvvəl Prezident İlham Əliyev konfrans iştirakçılarına ünvanladığı müraciətində Bakının bəzi ölkələr, xüsusilə Fransa tərəfindən həyata keçirilən neokolonializm siyasətini ifşa etdiyini bildirib. Azərbaycanın dövlət başçısı kolonializmin qadın hüquqlarına mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva