Zəfər Günü münasibətilə Milli Məclis tərəfindən Bakıda ağacəkmə aksiyası keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Milli Məclisin təşkilatçılığı ilə noyabrın 8-də Zəfər Günü münasibətilə Bakının Nərimanov rayonunda Aşıq Molla Cümə və Qafur Murad küçələrinin Maqsud Əlizadə küçəsi ilə kəsişməsində yerləşən ərazidə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Milli Məclisin sədri Sahibə Qafarova, sədr müavinləri, deputatlar, Parlament Aparatının və İşlər İdarəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə jurnalistlərə müsahibə verən Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib ki, bu gün bütün azərbaycanlılar üçün gözəl və qürurverici gündür. Biz bu günü 30 ilə yaxın idi gözləyirdik. Bütün beynəlxalq təşkilatların erməni silahlı birləşmələrinin torpaqlarımızdan çıxarılması səyləri nəticəsiz qalmışdı. Ölkəmizin işğal altında olan əraziləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, Ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində 44 gün ərzində geri qaytarıldı.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyən Adil Əliyev deyib ki, xalqımız bu günlə şərəf duyur. Bu gün Milli Məclis olaraq ağacəkmə aksiyasına qoşulmuşuq. Yaxın gələcəkdə ölkəmizin vətəndaşları bu ağacların kölgəsində istirahət edəcəklər.
Qeyd edək ki, Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Bəyanat yayıb. Milli Məclisin deputatları Azərbaycanın müxtəlif ölkələrdəki səfirlikləri tərəfindən Zəfər Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak edir, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bötövlüyümüzün bərpa edilməsi barədə həqiqətləri diqqətə çatdırırlar.