Zəfər Günü münasibətilə Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin önündə bayram tədbiri keçirilib
Bakı, 9 noyabr, AZƏRTAC
Vətən müharibəsində böyük Qələbənin birinci ildönümü ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyəti, Veteran Tankçılar İctimai Birliyi və Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin önündə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin, Dağ Yəhudiləri Dini İcmasının nümayəndələri, veteran tankçılar, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər və başqa qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində böyük Zəfərin qazanılmasında mühüm rol oynayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yüksək sərkərdəlik bacarığından, uzaqgörən və müdrik siyasətindən, qətiyyətli mövqeyindən, cəsarətli hücum diplomatiyasından, rəşadətli Azərbaycan Ordusunun gücündən və xalq-dövlət-ordu birliyindən danışıblar.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatları zamanı və böyük Zəfərə gedən yolda Vətən oğullarının göstərdiyi qəhrəmanlıqlar, fədakarlıqlar bir daha xatırlanaraq, canından keçən şəhidlərimizin xatirəsi yad olunub. Azərbaycan Prezidentinin şəhid ailələrinin, qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığı dövlət siyasətindən, eyni zamanda, şəhidlərimizin adlarının daim uca tutulmasından, əbədiləşdirilməsindən danışılıb.
Zəfər Gününə həsr olunmuş bayram tədbiri Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarımızın məzarının ziyarəti ilə başa çatıb.