Zəfər Günü münasibətilə tədbir
Bakı, 4 noyabr, AZƏRTAC
Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə Zəfər Gününün birinci ildönümü münasibətilə “Qarabağ Azərbaycandır” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir Vətən müharibəsi şəhidləri Muxtar Qasımzadə və Əliheydər Hüseynlidən bəhs edən videoçarxların nümayişi ilə başlanılıb.
“Şəhidlik manifesti” kitabının müəllifi Nurəddin Ədiloğlunun ssenari müəlliflərindən biri olduğu “Beşatılan” bədii filmindən kadrlar nümayiş olunub.
Şagirdlər Vətən mövzusunda şeirlər səsləndiriblər.
Məktəbin məzunları olan Vətən müharibəsi qaziləri torpaqlarımızın azadlığı uğrunda apardıqları döyüşlərdən xatirələr danışıblar.
Tədbirdə “Torpağın səsi”, “Od nəfəsli, “Xudayar” təsnifləri səsləndirilib, “Bayram” rəqsi ifa olunub.