Zəfər Günü paytaxtda ağacəkmə aksiyası keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində paytaxtımız Bakı şəhərinin bütün rayonlarında genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib. Bu il ilk dəfə qeyd edilən Zəfər Günündə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və qurumun idarələrinin əməkdaşlarının iştirakı ilə mövcud karantin rejiminin tələblərinə uyğun olaraq keçirilən aksiya paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əsas məqsədi Bakı şəhərində yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi olan bu aksiya zamanı ərazi yararsız tullantılardan təmizlənərək burada 400-ə qədər yeni, əsas etibarilə Eldar şamı, kiparis, şam, çinar və digər ağaclar əkilib. Aksiya bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Aksiya paytaxtımızın yaşıllaşdırılmasına və daha da gözəlləşməsinə bir töhfə olub.