ZƏLZƏLƏNİN NƏTİCƏLƏRİ ARADAN QALDIRILIR
İranın hakimiyyət orqanları iyunun 22-də baş vermiş və 500 nəfərin ölümünə səbəb olmuş zəlzələnin nəticələrini tezliklə aradan qaldırmaq üçün bütün qüvvələri səfərbər etmişlər. Alınan məlumata görə, Həmədan əyalətinin Razan şəhəri rayonunda xilasetmə işləri başa çatmışdır.
Rixter cədvəli ilə 6,3 bal gücündə zəlzələnin mərkəzi Qəzvin əyalətinin Buin Zəhra adlı yaşayış məntəqəsində olmuşdur. Orada təxminən 500 nəfər həlak olmuş, 2 minə yaxın adam müxtəlif dərəcəli xəsarət almışdır. Şəhər və 20 kənd demək olar ki, tamamilə dağılmışdır. Faciə yerlərində xüsusi xilasetmə komandaları işləyir, dağıntıları təmizləyirlər. Zərərçəkənlərə yemək, çadırlar və dava-dərmanla yardım olunur.
BMT-nin Tehrandakı nümayəndəliyi fəlakət bölgəsinə müşahidəçilər göndərmişdir. Nümayəndəliyin mətbuat üçün məlumatında deyilir ki, təbii fəlakət Qəzvin, Gilan, Tehran, Kürdüstan, Zəncan və Həmədan əyalətlərində dağıntılar törətmişdir. Ümumilikdə, 100-ə yaxın kənd dağılmış, minlərlə ailə evsiz-eşiksiz qalmışdır. İran hökuməti zəlzələnin nəticələrini aradan qaldırmaq üçün beynəlxalq yardım istəməsə də, BMT-nin İnkişaf Proqramı yardım və xilasetmə işlərinin əlaqələndirilməsi üçün 50 min dollar ayırmışdır.
İTAR-TASS xəbər verir ki, İran rəhbərliyi ölkənin müvafiq nazirlik, idarə və təşkilatlarına fəlakətin nəticələrini tezliklə aradan qaldırmağı tapşırmışdır.