Zərdab rayonunda Birinci Alıcanlı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Zərdab rayonu ərazisində yerli əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 21-ci kilometrindən ayrılan və 11 kilometr uzunluğa malik Birinci Alıcanlı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 2 kəndin 2 minə yaxın əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.
Yolun 0-8 kilometr hissəsi qara örtükdən, 9-11 kilometr hissəsi isə çınqıl örtükdən ibarətdir. Uzunmüddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yolboyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
Hazırda isə yolboyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri çərçivəsində torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Bundan başqa, yolun müəyyən hissəsi bataqlıq-göl ərazisindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında xüsusi qrunt tökülərək inşa edilir, yolun altına borular atılır.
Artıq yolun 5 kilometrlik hissəsində yol yatağı və yol əsasının inşası yekunlaşdırılıb, qalan hissədə isə davam etdirilir. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur. Yolun çiyin hissələri də dağıldığından hazırda 44 min kvadratmetr sahədə çiyinlərin 12 santimetr qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılır. Torpaq işləri 110 min kvadratmetr sahəni əhatə edir.
Yolboyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün yolun 4-cü kilometrində su kanalı üzərində uzunluğu 6,2 metr olan suötürücü qurğunun tikintisi, yolun 5-ci kilometrində Qarasuçay üzərində yerləşən uzunluğu 105 metr olan mövcud avtomobil körpüsünün isə təmiri işləri aparılır.
Layihəyə uyğun olaraq, yolun 66 min kvadratmetr sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, 1 ədəd avtobus dayanacağının tikintisi, 290 ədəd siqnal dirəyinin, 86 ədəd yol nişanı və məlumatverici lövhənin quraşdırılması, yolda 33 kilometr uzunluğunda xətləmə işlərinin aparılması nəzərdə tutulub.