ZƏRDABDA HEYDƏR ƏLİYEVİN VƏFATININ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Rayonun rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev adına parka gəlmiş, ulu öndərin əzəmətli abidəsi önünə əklillər və gül dəstələri qoymuşlar.
Sonra tədbir şəhər mədəniyyət evində davam etmişdir. Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, təhsil şöbəsinin müdiri Nəsimi Hüseynov, qadınlar şurasının sədri Səadət Seyidova, əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Bəhlul Eminov, şair Mübariz Səfiyaroğlu və başqaları çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, ölkəmizin inkişafında müstəsna xidmətlərindən danışmış, ümummilli liderin həyat və fəaliyyətinin hər birimiz üçün örnək olduğunu diqqətə çatdırmışlar.
Tədbirdə ölkəmizin parçalanmaq təhlükəsindən xilas edilməsində, müstəqilliyimizin qorunub saxlanılmasında, iqtisadiyyatımızın, elm, təhsil və mədəniyyətimizin inkişafında, ölkəmizin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətləri sadalanmış, respublikamızın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyəti vurğulanmışdır.
Bildirilmişdir ki, Heydər Əliyev ideyaları ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir, dövlətimizin gündən-günə qüdrətlənməsinə, xalqımızın daha firavan yaşamasına xidmət edir.
Mərasimdə ümummilli liderimizin ruhuna dualar oxunmuş, ehsan süfrəsi açılmışdır.