CƏMİYYƏT
ZİYA BÜNYADOVUN QATİLLƏRİNİ MƏSULİYYƏTDƏN YAYINDIRANLAR İFŞA EDİLMİŞLƏR
1997-ci ilin fevral ayının 21-də Milli Məclisin üzvü, akademik Ziya Bünyadovu xüsusi amansızlıqla qətlə yetirmiş terrorçu dəstənin məsuliyyətdən yayınan üzvlərinin ifşası istiqamətində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat-axtarış tədbirləri davam edir. Cinayətkar qrupun fəallarının dövlət sərhədlərini pozaraq İran İslam Respublikası ərazisində gizlənməsinin əsas təşkilatçılarından biri - Cəlilabad rayon sakini Mirhəbib Ağagül oğlu Eynullayev 2001-ci il avqust ayının 10-da qanunsuz yolla İrandan Azərbaycan Respublikasına qayıdarkən yaxalanmışdır. Faktla bağlı cinayət işi qaldırılmışdır.
İstintaq və əməliyyat araşdırmaları zamanı terrorçuların qeyri-qanuni yolla Azərbaycan ərazisindən çıxarılmasında yaxından iştirak etmiş digər şəxslər - Cəlilabad və Yardımlı rayon sakinləri Əliməhəmməd Məhərrəm oğlu Əliyev, Aləddin Əcəbəli oğlu İsmayılov, Telman Davud oğlu Əhədov, Elman Telman oğlu Bəhlulov və Rəfail Rufulla oğlu Sarıyev müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar.
İstintaqla sübuta yetirilmişdir ki, akademik Ziya Bünyadova qarşı sui-qəsd törətməkdə təqsirləndirilən şəxslər barədə həbsli axtarış elan olunduğunu qabaqcadan bilən, buna baxmayaraq, onlarla cinayət razılaşmasına girən həmin qrup 2000-ci il sentyabr ayının 27-28-də Vüsal Nəzərov və Cavanşir Aslanovu, oktyabr ayının 9-da isə Tariyel Ramazanovu Yardımlı rayonunun Ləzran kəndi istiqamətindən qeyri-qanuni yolla İran ərazisinə keçirmişdir.
İbtidai istintaq başa çatmış, toplanmış materiallar məhkəmə orqanlarına göndərilmişdir. Hazırda Masallı rayon məhkəməsində həmin cinayət işi araşdırılır.
Terrorçu dəstənin məsuliyyətdən yayınan digər üzvlərinin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli Təhlükəsizlik Nazirliyi
Mətbuat Xidmətinin məlumatı