Zümrüdü göyrüş qızılböcəyinin risk təhlili həyata keçirilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Zümrüdü göyrüş qızılböcəyinin yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən risk təhlili həyata keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, risk təhlilində ölkədaxili və beynəlxalq ticarətin karantin qaydalarına uyğun olaraq, göyrüş ağaclarının, onların budaqlarının və oduncağının sirayətlənmiş ərazilərdən digər ərazilərə daşınmasını məhdudlaşdırmaq, ağacın ölçüsündən və əvvəlki zədələnmə dərəcəsindən asılı olaraq sirayətlənmiş və kəsilmiş budaqlara uyğun insektisidlər vurularaq zərərvericinin məhv edilməsi kimi fitosanitar tədbirlərin və onların kəsilmiş ağaclarda sağqalma ehtimalının qiymətləndirilməsi istiqamətində nəticələr araşdırılıb.
Zümrüdü göyrüş qızılböcəyi 2002-ci ildə ABŞ-ın Miçiqan ştatının cənub-şərqində aşkar edilib. Daha sonra Asiya ölkələrindən Şimal-Şərqi Çin, Yaponiya, Koreya Respublikası, Monqolustan, Rusiya, Tayvanda, Şimali Amerika ölkələrindən Kanada, ABŞ-da, Avropa ölkələrindən Belarus, Estoniya, Belçika, Litva, Niderland, Sloveniya, İsveç və Ukraynada aşkarlanıb.
Həmin zərərvericinin Azərbaycanda aşkarlanması ilə bağlı heç bir məlumat qeydə alınmayıb. O, əsasən Amerika göyrüşü, Çin göyrüşü, Yapon göyrüşü, enliyarpaq göyrüş, qara göyrüş, məxməri göyrüş və digər bitkilərə zərər vurur. Zərərvericinin sürfələri təxminən bir həftə ərzində yumurtadan çıxır. Sürfələr birinci inkişaf mərhələsində ağacın qabığından keçərək kambi qatına yol açır və iyunun ortalarından oktyabrın ortalarına kimi həmin qatla qidalanırlar. Bu zaman sürfələr oduncağın üst qatında 26-32 millimetr enində xəritəşəkilli lağım atırlar. Sürfələr inkişaf etdikcə lağımlar genişlənir, açıq qəhvəyi taxta kəpəyi və ifrazatla dolur. Yetkin sürfələr pup kameralarında qışlayır, puplar aprel-may aylarında lağımın səthə yaxın olan hissəsində formalaşır. Avqusta kimi tam inkişaf etməyən sürfələr isə bitkilərin kambi qatında qışlayır, apreldə yenidən qidalanmağa başlayır və yayın axırlarında tam formalaşır. Yetkin fərdlər 1-2 həftə ərzində ağac qabığının altında qaldıqdan sonra eni təxminən 3-4 millimetr olan D şəkilli dəliklərdən bayıra çıxırlar.
Zümrüdü göyrüş qızılböcəyinin zərərverici Şimali Amerikada və Çin Xalq Respublikasında il ərzində bir, lakin bəzi fərdlər iki il ərzində bir nəsil verir. Onun zədələdiyi ağac quruyaraq məhv olur. Zərərverici Çinin açıq ərazilərində və ya meşələrinin kənarlarında yetişən göyrüş ağaclarına ciddi zərər vurur. Geniş yayıldığı təqdirdə bütün bitki örtüyü də məhv ola bilər. Ümumiyyətlə, həmin zərərverici daşıyıcı bitkinin gövdəsinin aşağı hissəsini daha çox sirayətləndirir. Digər tərəfdən, həmin zərərverici Şimali Amerikada həm açıq sahələrə, həm də qapalı meşə örtüyünə yayılaraq ağacları məhv edib. İndiyə qədər zərərvericinin Şimali Amerikada son bir neçə ildə 30 milyondan çox ağacı, xüsusən Pensilvaniya göyrüşü, Amerika göyrüşü, qara göyrüş və başqa göyrüş növlərini məhv etdiyi güman edilir. Təsirə məruz qalmış ağac adətən zərərvericinin ilkin sirayətlənməsindən sonra 3 il ərzində, lakin sirayətlənmənin daha güclü olduğu təqdirdə 1-2 ildən sonra quruyur. Türkiyə, Rusiya, Gürcüstan kimi qonşu ölkələrlə beynəlxalq ticarət zamanı daşınan bitkilərlə, ağacdan hazırlanmış və ya ağac qabığı ilə örtülmüş məhsullarla (o cümlədən taxta-şalban, taxta qablaşdırma materialları, odun, taxta qırıntıları və s.) daxil ola bilir.
Pensilvaniya göyrüşü, Amerika göyrüşü və qara göyrüş növündən hazırlanmış əmtəələr üçün təklif olunmuş fitosanitar tədbirlərə məhsulun zərərvericinin mövcud olmadığı ərazilərdən gətirilməsi, ağac və ağac qabığının termiki emal edilməsi daxildir. Sürfə və pupa aşkarlanmış ağacları kəsmək və doğramaq olar. Sirayətlənmiş və kəsilmiş budaqlara uyğun insektisidlər vurularaq zərərvericini məhv etmək olar. Effektivlik insektisid məhsulları, ineksiya üsulları, ağacın ölçüsü və əvvəlki zədələnmənin dərəcəsindən asılıdır. Qeyd edək ki, heç bir insektisid tam təsirli olmur, lakin sirayətlənmənin az olduğu hallarda insektisid müsbət təsir edir.
Zümrüdü göyrüş qızılböcəyi növü ABŞ-da və Kanadada karantin əhəmiyyətli zərərverici kimi təsnif olunub və Şimali Amerika Bitki Qoruma Təşkilatının (NAPPO) xəbərdarlıq siyahısına daxil edilib. Həmin zərərverici 2002-ci ildə Avropa və Aralıq dənizi Təşkilatının (EPPO) A2 tədbirlər siyahısına da daxil edilib. Beləliklə, EPPO təşkilatına üzv olan ölkələrə həmin zərərvericinin karantin əhəmiyyətli zərərli orqanizm kimi tənzimlənməsi tövsiyə olunub.