RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Nyu-Yorkda “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbirdə iştirak edib VİDEO

Nyu-York, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbir keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yüksək səviyyəli tədbirdə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

BMT-də islahatlara ehtiyacın olduğunu deyən ABŞ Prezidenti Donald Tramp qurumun baş katibi Antonio Quterreşin bu istiqamətdə səylərini yüksək qiymətləndirib. D.Tramp vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.

BMT-nin Baş katibi Antonio Quterreş dünyada çoxlu sayda insanların münaqişələrdən, aclıqdan əziyyət çəkdiklərini bildirib. “Bu insanların yardımımıza ehtiyacı var. Biz qurumda ciddi islahatlar həyata keçirməli, işimizi daha səmərəli icra etməliyik. Biz qlobal təşkilatıq və insanların bizə olan etimadını doğrultmalıyıq”, - deyə A.Quterreş vurğulayıb.

Tədbir çərçivəsində birgə foto çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin