RƏSMİ XRONİKA


Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında növbəti qələbə qazanıblar
Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb VİDEO

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə - 25:14 hesabı ilə qalib gəldilər. Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazandı. Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü set də milli komandamızın qələbəsi ilə başa çatdı - 25:23. Beləliklə, Azərbaycan milli komandası Polşa voleybolçularını 3:0 hesabı ilə məğlub etdi.

Azərbaycan Prezidenti İlham Əliyev komandamızın qələbəsini alqışladı.

Bu qələbədən sonra Azərbaycan komandası xallarının sayını 6-ya çatdıraraq qrupda birinci yerə yüksəlib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Milli komandamız qrup mərhələsinin sonuncu oyununda Almaniya yığması ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin