110 SAYLI ZAQATALA SEÇKİ DAİRƏSİNDƏ TƏKRAR SEÇKİLƏRƏ HAZIRLIQ DAVAM EDİR
Dairə Seçki Komissiyasının yeni təyin olunmuş sədri Fikrət Mustafayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, dairə seçki komissiyasının, habelə əvvəlki seçkidə səsvermənin nəticələri ləğv edilmiş 19 məntəqə seçki komissiyasının tərkibi tam dəyişdirilmişdir. 41 seçki məntəqəsinin fəaliyyət göstərdiyi dairədə seçicilərin ümumi sayı 41 min 506 nəfərdir. Hazırda məntəqələrdə təkrar seçkilərə hazırlığın ilkin mərhələsi uğurla başa çatmışdır.
Dairə üzrə namizədliyi irəli sürülmüş 14 nəfərdən 10-u təkrar seçkilərdə mübarizə aparmaq hüququ əldə etmişdir. Onlardan beşi namizədliyini müstəqil irəli sürmüş, qalanları isə müxtəlif siyasi partiyaları təmsil edirlər.
Təqvim plana uyğun olaraq, martın 14-dən etibarən qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat mərhələsinə start verilmişdir. Seçkiqabağı təbliğat-təşviqat işi aparmaq üçün bütün namizədlərə bərabər şərait yaradılmış, təşviqat materiallarını yerləşdirmək və seçicilərlə görüşlər keçirmək üçün yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən müvafiq yerlər ayrılmışdır.