Tərtər sakininin şəxsi kitabxanasında saxladığı ən qədim kitab 1717-ci ildə I Pyotrun sifarişi ilə çap olunub VİDEO
Tərtər, 13 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər sakini Rauf Həsənzadə 40 ilə yaxındır ki, kitabxanasında nadir kitablar, sənədlər, həmçinin qəzet və jurnallar saxlayır. Artıq onların sayı 12 mini ötüb. Zənginliyi ilə diqqət çəkən şəxsi kitabxanada Rusiya çarı I Pyotrun sifarişi ilə çap olunan, həmçinin ermənilərin ölkəmizə qarşı ərazi iddialarını ifşa edən kitab və sənədlər də var.
AZƏRTAC-ın bölgə müxbiri Tərtər rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadənin şəxsi kitabxanasında olub, onunla söhbət edib.
Rauf Həsənzadə bildirir ki, kitabların çoxunu 1980-ci illərdə elektromexanika zavodunun direktoru işlədiyi vaxtlarda keçmiş SSRİ-nin müxtəlif şəhərlərində ezamiyyətdə olarkən toplayıb. Kitabxanada ensiklopediyalar, tarix, coğrafiya, arxitektura, texniki elmlər, ədəbiyyat, incəsənət, diplomatiya və tibbə dair nəşrlər üstünlük təşkil edir.
1957-ci ildən bəri kitab toplamaqla məşğul olan Rauf Həsənzadənin kitabxanasında XVIII-XIX əsrlərdə çap edilmiş nəşrlər daha çox maraq doğurur. Buradakı ən qədim kitabın 300 yaşı var. Bu, 1717-ci ildə Rusiya çarı I Pyotrun sifarişi ilə çap olunmuş “Gəncliyin aydın güzgüsü və ya məişət davranışına dair göstərişlər” (“Юности честное зерцало, или показание к житейскому обхождению, собранное от разных авторов”) kitabıdır.
Kitabxanada ermənilərin ərazi iddialarını ifşa edən, onların Azərbaycana, o cümlədən Qarabağa köçürülməsini sübut edən kitab və sənədlər də diqqət çəkir. Onların arasında 1831-ci və 1834-cü ildə nəşr olunmuş iki kitab da var. Bu kitablarda ermənilərin İrandan Qafqaza, o cümlədən İrəvan, Naxçıvan və Qarabağa köçürülmələri öz əksini tapıb. Qarabağın Rusiyanın tərkibinə daxil olması haqqında 1805-ci ildə knyaz Pavel Sisyanov və Qarabağ xanı İbrahimxəlil Xanın imzaladığı traktatın mətni də mühüm sənədlər arasında yer alır.
Tərtər sakini bütün kitabların onun üçün dəyərli olduğunu bildirir. Qədim yunan tarixçilərinin kitablarını, o cümlədən Herodotun “Tarixin atası” kitabını uzun illərin axtarışları nəticəsində əldə edib.
Rauf Həsənzadənin şəxsi kitabxanasından kim istəsə bəhrələnə bilir. Kitabxanaya tez-tez müraciət edənlər əsasən qəbul imtahanlarına hazırlaşanlar, diplom işi, yaxud elmi iş yazanlardır.