İçərişəhərdə “Vertiqo” səs instalyasiyasının təqdimatı keçirilib VİDEO
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Şirvanşahlar Sarayında “İpək Yolu” festivalı ilə bağlı “Yeddi gözəl” əsərindən ibarət hekayənin “Vertiqo” səs instalyasiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Goethe-Zentrum Baku”nun birgə təşkilatçılığı ilə reallaşıb.
Təqdimat mərasimində Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov, “Milli irsimiz” layihəsi və “Vertiqo” sərgisinin kuratoru Əsli Səmədova çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihədə dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin qələmə aldığı “Yeddi gözəl” poemasından bir hissənin transformasiyasını araşdırır və müasir zamanda onun gələcək inkişafını təsvir edirlər. "Vertiqo" instalyasiyasında gender münasibətlərində baş vermiş dəyişikliklər və bəşəriyyətin tarixi boyunca müxtəlif mədəniyyətlərin bir-birinə nüfuz edərək dəyişməsi əks olunur. Ziyarətçilərə portativ radio cihazı və qulaqcıqlar verilir və onlar Şirvanşahlar Sarayının ərazisində hərəkət edərək yazılmış musiqi parçaları, təbiət səsləri, mahnılar və məhəbbət şeirlərinin vəhdətindən yaranan səs “tapmaca”larından ibarət radio dalğalarını tuturlar. Ziyarətçilərin hərəkət marşrutu və radio proqramı vasitəsilə tutduqları səslər fərqli olduğundan sərgi hər kəsə təkrarolunmaz təəssürat bağışlayır.
Qeyd edək ki, “Vertiqo” tarixi materialları müasir təfsir edən səs instalyasiyasıdır. Layihəni rəssam Fərhad Fərzəliyev, şairə Leyli Salayeva, musiqi prodüseri Cahangir Səlimxanov və sərginin kuratoru Əsli Səmədova birgə həyata keçirir.
Festivalın bir parçası olan “Vertiqo” səs instalyasiyası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yaranmasının 10 illik yubileyi və UNESCO-nun Azərbaycan Respublikası Milli Komissiyasının 25 illiyi ilə bağlı tədbirlər proqramına daxildir.