Qusar Dövlət Ləzgi Dram Teatrı balaca tamaşaçıları “Qış nağılı”na dəvət edir VİDEO






Qusar, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi Yeni il bayramı ərəfəsində balaca tamaşaçılar üçün hazırladığı tamaşanı təqdim edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qış nağılı” adlanan tamaşa dekabrın 25-dən 30-dək Qusar Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunacaq.
Kollektivin 20-yə yaxın aktyorunun rol aldığı tamaşada musiqi nömrələrinə, rəqs kompozisiyalarına, şeirlərə və maraqlı viktorinalara yer verilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Laləzar Hüseynovadır.
Səhnə əsərində uşaqların sevimlisi olan Şaxta baba, Qar qız, həmçinin canavar, tülkü kimi personajlar yer alıb.
Tamaşa Qusarla yanaşı, Xaçmazda da nümayiş etdiriləcək.
Eyni zamanda, kollektiv Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xüsusi konsert proqramı da hazırlayır.