Yeni il bayramı ilə əlaqədar Qusardakı otel və istirahət mərkəzlərində yerlərin 90 faizi əvvəldən sifariş olunub VİDEO
Qusar, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC
Yeni il bayramı ilə əlaqədar Qusardakı otel və istirahət mərkəzlərindəki yerlərin 90 faizi əvvəlcədən sifariş olunub.
Qusar Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2017-ci ilin son, yeni ilin isə ilk günlərini rayonda keçirmək üçün müraciət edənlər həm yerli, həm də əcnəbi turistlərdir.
Yeni il bayramı ilə əlaqədar istirahət mərkəzləri tərəfindən qonaqlara müxtəlif turizm paketləri təqdim olunur. İki və ya üç günü əhatə edən bu paketlərin qiymətləri yerindən asılı olaraq bir nəfər üçün 150 manatdan 2 min manata kimi dəyişir. Bu qiymətə oteldə gecələmə, qidalanma, eyni zamanda, istirahət mərkəzləri tərəfindən təşkil edilən şou proqramlarlarda iştirak etmək imkanı daxildir.
Turizm İnformasiya Mərkəzinin direktoru Edqar Balamətov deyib ki, əcnəbi turistlərin müraciətləri arasında ərəb ölkələrindən, Rusiya, Türkiyə və İrandan olanlar çoxluq təşkil edir. Bununla əlaqədar istirahət mərkəzlərində qonaqlara ənənəvi milli mətbəxlə yanaşı, xarici ölkə yeməkləri də təqdim olunacaq.
Qusarda yerləşən Şahdağ Turizm Mərkəzində də hər il olduğu kimi, qış mövsümündə qonaqların mükəmməl istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilib. Hazırda ağappaq qarla örtülmüş Şahdağın yamacları xizək və snoubord həvəskarlarının ixtiyarına verilib.